- This event has passed.
Azərbaycan- İndoneziya Ticarət evinin yaradılması təklif olunur
Oktyabr 6, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4
İndoneziyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 5 oktyabr 2016-cı il tarixdə Azərbaycan-İndoneziya Biznes Forumu keçirilib. Tədbirdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov, İndoneziyadan və Azərbaycandan olan xeyli sayda iş adamları, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
İndoneziya haqqında geniş məlumat verən İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fananie bildirdi ki, təmsil etdiyi ölkə bütün istiqamətlərdə, xüsusi ilə iqtisadi sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Səfir tədbir iştirakçılarını 12-16 oktyabr 2016-cı il tarixləri arasında İndoneziyada keçiriləcək “İndoneziya Trade Expo” sərgisinə də dəvət edib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov isə çıxışında Azərbaycandakı investisiya imkanlarından, İndoneziya və Azərbaycan arasında böyük iqtisadi əməkdaşlıq əlaqələrinin səmərəsindən söhbət açıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının da gələcək hədəflərinin beynəlxalq əlaqələrin inkişafı olduğunu qonaqların diqqətinə çatdırıb.
Daha sonra “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin sədri Rəşid Çulaqov kiçik və orta biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin biznes əlaqələrinin inkişafına müsbət təsir edəcəyini qeyd edib.
“İndoneziya Trade Expo” sərgisi sahibkarlar tərəfindən maraqla qarşılanıb və onlar səfirə və səfirliyin məsul əməkdaşlarına bu istiqamətdə müxtəlif suallar ünvanlayıblar. Görüşdə Bakı şəhərində Azərbaycan- İndoneziya Ticarət evinin yaradılması da səslənən maraqlı təkliflərdən biri olub.