skip to Main Content
Yüklənir Events

« All Events

  • This event has passed.

“Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib

Mart 7, 2016 / 8:00 səhər - 5:00 axşam UTC+4

“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı ölkə iqtisadiyyatının inkişafı, makroiqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni müəssisə və iş yerlərinin yaranması və s. sahələrdə  bir sıra  işlər  görülmüşdür.

Dövlət Proqramının yerinə yetirilməsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, İqtisadiyyat və Kənd Təsərrüfatı  Nazirliklərinin dəstəyi  ilə  5  mart  2016-cı il tarixində Ağstafa rayonunda “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda regional forum keçirilib.

Tədbirdə bir sıra dövlət nümayəndələri ilə yanaşı,  Bakı şəhəri, Ağstafa, Tovuz və Qazax rayonlarından 120-dən çox sahibkarlar və fermerlər iştirak ediblər. Forumda Dövlət Proqramının yerinə yetirilməsi, sənayenin şəhərlərdən regionlara keçirilməsi, sahibkarlığın inkişafında yeni mərhələ  və s.  məsələlər müzakirə olunub.

Salamlama nitqi ilə çıxış edən Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev bildirib ki,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun artırılması və rayonların dotasiyadan asılılığının aradan qaldırılması istiqamətindəki tapşırıqlarının icrası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Fevral ayı ərzində 312  yeni iş yeri yaradılmış və 247 nəfər işlə təmin edilmişdir. Rayonda ənənəvi istehsal sahələrinin bərpası istiqamətində də əməli iş görülür. Belə ki, xalça istehsalı sahəsinin yaradılması üçün sərmayə cəlb edilməsi işi yekunlaşmaq üzrədir. Xalçaçılıq üçün artıq müvafiq bina müəyyən edilmiş, Heydər Əliyev Mərkəzində xalçaçılıq kursu yaradılmışdır. İstifadəsiz qalan torpaq sahələrinin müəyyən edilməsi və iri fermer təsərrüfatlarının təsis edilməsi istiqamətində ardıcıl iş aparılır. Ağstafa rayonu üzrə icarə və ya istifadə də olan, lakin istifadə edilməyən 6426 ha torpaq sahəsi müəyyən edilmiş, eləcə də 2000 ha torpaq sahəsinin əhatə edən taxılçılıq və 500 ha sahəsi olan intensiv-kartofçuluq təsərrüfatının yaradılması istiqamətində təşkilati işlər görülür.

Torpaq mülkiyyətçilərinin pay torpaqlarının birləşdirmək yolu ilə iri təsərrüfatların yaradılması istiqamətində maarifləndirmə işləri aparılır.

Daha sonra Qazax rayon İcra Hakimiyyətinin başçısı  Ayaz Əsgərov və Tovuz rayon İcra Hakimiyyətinin başçısının müavini Niftalı Qasımov çıxış edərək, ölkəmizdə qeyri neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki,qarşıdakı illərdə məşğulluğun artırılması məqsədilə regionlarda ənənəvi istehsal sahələrinin, o cümlədən pambıqçılığın, tütünçülüyün, eləcə də xalçaçılığın və digər sənətkarlıq növlərinin inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin  görülməsi də diqqət mərkəzindədir. M.Musayev qeyd edib ki, fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər yaxın zamanlarda aqrar sahənin inkişafına öz töhfəsini verəcək.  Ötən il aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verildiyini deyən M.Musayev bildirib ki, biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən sistemli tədbirlər bu gün xüsusilə böyük əhəmiyyət kəsb edir.

Səmərəli idarəolunmanı təşkil etmək məqsədilə konfederasiyanın yanında yaradılmış 16 daimi komissiya sahələr üzrə, respublikanın bütün bölgələrini əhatə edən 14 regional nümayəndəlik isə regional idarəetməni təmin edir. Bu, regionlarda sahibkarlığın inkişafına dəstək verilməsi işini xeyli asanlaşdırmış, nümayəndəliklər vasitəsilə sahibkarlara göstərilən xidmətlərin və informasiya təminatının yaxşılaşdırılması və təkmilləşdirilməsinə, sahibkarlığın inkişafı istiqamətində proqramların tərtib edilməsinə və həyata keçirilməsinə şərait yaratmışdır.

Azərbaycan Respublikası  İqtisadiyyat nazirinin müavini  Sahib Məmmədov isə çıxışında ölkədə yaradılan əlverişli biznes mühütü ilə bağlı məlumat verərək bildirdi ki,  sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

Türkiyə Cumhuriyyəti Qida,  əkinçilik və heyvandarlıq nazirliyinin nümayəndəsi  Burhan Erenoğlu da tədbirdə  çıxış edərək qardaş ölkənin qida və kənd təsərrüfatı sahəsindəki  təcrübəsini azərbaycanlı işadamları ilə bölüşüb.

Daha sonra Ağstafa rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına söz verildi. Sahibkarlar müəssisələri haqqında ətraflı məlumat verərək,onlara yaradılan dövlət qayğısından söhbət açdılar.

 

Details

Tarix:
Mart 7, 2016
Time:
8:00 səhər - 5:00 axşam
Tədbir Category:
Back To Top