- This event has passed.
Azərbaycan-Hindistan biznes forumu keçirilib
Mart 13, 2018 / 10:00 səhər - 5:00 axşam UTC+0
Hindistanın PHD Ticarət və Sənaye Palatasının və Hindistanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib. Tədbirdə Hindistandan düyü, buğda məmulatları, plastik materiallar, elektron məişət avadanlıqları, çay, qiymətli daşlar və zərgərlik əşyaları, geyim, əczaçılıq malları, velosiped və velosiped hissələri və digər müxtəlif sektorları təmsil edən şirkətlərin nümayəndələri və Azərbaycanın dövlət orqanlarının rəsmiləri iştirak ediblər.
Əvvəlcə Hindistanın Ticarət-Sənaye Palatasının fəaliyyətindən və tarixindən bəhs olunan video çarx tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev bildirib ki, Hindistan-Azərbaycan əlaqələri dərin tarixi kökə malikdir, hər iki ölkə ərazi bütövlüyü, suverenlik prinsiplərinə hörmət edir: “Ölkələrimiz arasında əməkdaşlığı genişləndirməyə böyük imkanlar yaranıb. Bu gün keçirilən biznes forumu hər iki tərəfin iş adamlarını daha fəal əməkdaşlığa həvəsləndirəcək və uğurlu nəticələrə gətirib çıxaracaq. İnanırıq ki, bu tədbir yeni əməkdaşlıq sahələrinin inkişafına da zəmin yaradacaq”,- deyə nazir müavini bildirib ki, Azərbaycan Hindistanla neft, əczaçılıq sahələrində də uğurla əməkdaşlıq edir. Azərbaycanda dərman istehsalı ilə bağlı Hindistanın əczaçılıq şirkətləri ilə birgə müəssisələrin yaradılmasına dair razılıq əldə olunub. Qeyd olunub ki, Hindistanın neft şirkətləri Xəzərin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft-qaz yataqları blokunun işlənməsi layihəsinə də investisiya yatırıb. Nazir müavini bildirib ki, iki ölkə arasında birbaşa çarter reyslərinin fəaliyyətə başlaması üçün hazırlıq işləri aparılır.