skip to Main Content

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi Azərbaycanda səfərdədir

İslam Ticarət, Sənaye Və Kənd Təsərrüfatı Palatasının Baş Katibi Azərbaycanda Səfərdədir

İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi Yusif Həsən Xələvi Azərbaycanda səfərdədir. Sentyabrın 7-də Azərbaycan Sahibkarlar Konfederasiyasında Palatının baş katibi ilə görüş keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasına və Arbitraj Mərkəzinin Qəyyumlar Şurasına üzv seçilməsi ilə bağlı baş katibə öz təşəkkürünü bildirib. Azərbaycanın münbit investisiya imkanları, biznes üçün yaradılan şərait, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, logistika infrastrukturu, eyni zamanda Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarının işğaldan azad olunması və hazırda aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Azərbaycanlıların tarixi vətənində ermənilərin törətdiyi mədəni, dini irsimizin təhqir edilməsi ilə bağlı faktlar qeyd edilib.

Sonra Azərbaycanın ixrac potensialı, xüsusən də orqanik meyvə sortlarının dünya bazarında məşhur olması, islam ölkələrinin ölkəmizə marağı ilə əlaqədar məsələlər diqqətə çatdırılıb.

Y.H.Xələvi islam ölkələrinin iqtisadi potensialı ilə bağlı Palatanın apardığı araşdırmanın nəticələri barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan göstəricilərinə görə TOP-10 islam ölkəsinin sırasına daxildir, xüsusən də aqrar, turizm potensialı burada daha yüksək qiymətləndirilir. “Azərbaycanı İslam dünyasında aqrar biznes mərkəzinə çevirməyi təklif edirik. Uzunmüddətli olmaqla hər il Azərbaycanda beynəlxalq səviyyəli aqrar forumun keçirilməsini istərdik. Bu ölkənizin iqtisadi inkişafının  şaxələndirilməsinə də töhfə verəcək. İslam ölkələrinin nazirlərinin iştirakı ilə keçiriləcək bu forumların turizm baxımından da böyük üstünlükləri var və bu, turizm komponenti üzrə gələcək layihələrə zəmin hazırlayacaq”, – deyə cənab Xələvi bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər təkliflər də müzakirə edilib. Səfər çərçivəsində qonağın bir sıra dövlət və özəl sektor təmsilçiləri ilə görüşü nəzərdə tutulub.

Back To Top