skip to Main Content

İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında ASK prezidenti çıxış edib

İƏT Əmək Nazirləri Konfransının Nazirlər Sessiyasında ASK Prezidenti çıxış Edib

Noyabrın 23-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda 5-ci konfransı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Müraciətin mətnini Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov oxuyub.

Sessiyada İƏT əmək nazirlərinin 4-cü konfransının sədri kimi Səudiyyə Ərəbistanı Krallığının İnsan resursları və sosial inkişaf nazirinin müavini Adnan Abdulla Al Nuaimin çıxışı dinlənilib. Sonra konfransının sədri və bürosunun tərkibi seçilib.

Konfransın sədri seçilmiş Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İƏT-in bu konfransının üzv ölkələrin əlaqələrinin genişlənməsinə, fəal təcrübə mübadilələrinə imkan yaratdığını vurğulayıb.

O, hamı üçün məhsuldar məşğulluğun və layiqli əməyin, gənclərin məşğulluğunun təmin olunmasının İƏT ölkələri üçün aktuallığını, sosial sahədə şəffaflığın, xidmət keyfiyyətinin, əlçatanlıq və operativliyin artırılması kimi prioritet və çağırışların həllində rəqəmsallaşmanın vacibliyini, sosial məsələlərin həllində qarşılıqlı təcrübə mübadilələrinin önəmini qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının biznes ictimaiyyətini birləşdirən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında Azərbaycan sahibkarlarını Konfederasiya təmsil edir.

“Mən özüm İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının üzvüyəm. Qeyd edim ki, bu ilin iyul ayında Palatanın Direktorlar Şurasının Bakıda mötəbər bir tədbirini keçirdik və islam ölkələrini təmsil edən nüfuzlu iş adamlarını bir araya gətirdik. Bu tədbir İslam dünyasına Azərbaycanın inteqrasiyası, ölkələrimiz arasında ticari, iqtisadi əlaqələrin genişləndirilməsi baxımından çox faydalı oldu”, – deyib.

M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının dövlətlə imzalanan üçtərəfli Baş Kollektiv Sazişə əsasən həm də respublika işəgötürənlərini təmsil etdiyini vurğulayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə daimi inkişaf edən əməkdaşlığın olduğunu diqqətə çatdırıb. O, İslam dünyasının böyük iqtisadi potensialına toxunaraq bu potensialın reallığa çevrilməsi üçün sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Back To Top